Bu gün İmam Rzanın (ə) şəhid edildiyi gündür

Bu gün Azərbaycan da daxil olmaqla, bir çox müsəlman ölkələrində İmam Rzanın (ə) şəhadət günü ilə əlaqədar müxtəlif mərasimlər keçirili

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 08 Noyabr 2018, 10:14

Hicri-qəməri təqvimi ilə bu gün səfər ayının 29-u, müsəlmanların səkkizinci imamı həzrət Əli ibn Musa Rzanın (ə) şəhid edilən günüdür.

 

İnterAz xəbər verir ki, həzrət İmam Rza (ə) hicri-qəməri təqvimi ilə 203-cü ildə 55 yaşında ikən Abbasi xəlifəsi Məmun tərəfindən zəhərlənib. İmama qarşı sui-qəsd onun Xorasana dəvət edilməsi və vəliəhdliyin ona həvalə edilməsindən sonra həyata keçirilib.

 

Tarixşünasların məlumatına görə, İmam Rza (ə) Xorasanda olarkən xəlifə Məmun tərəfindən təzyiqlərə məruz qalır. Bununla belə, İmam Məmunun yaşadığı dövrdə hökumət işləri və siyasətə qarışmayacağını bildirir.

 

Şəhid edilən İmam Tus (Məşhəd) şəhərində dəfn edilir.

 

İndi İmamın şəhid edilməsindən 1200 il keçməsinə baxmayaraq, hər gün onun məzarı və məqbərəsinin ziyarətinə saysız-hesabsız zəvvarlar gəlir.

 

İslam alimlərindən Şeyx Səduqun İbrahim ibn Abbasdan nəql etdiyi hədisdə imamın məziyyətləri barədə belə deyilir: "Mən İmam Rzanın (ə) sözlə kimisə narahat etməsini, kiminsə sözünü yarıda qoymasını heç vaxt görmədim. O həzrət başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınarkən xidmətçiləri süfrəyə dəvət edərək onlarla birgə yemək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar, ata-babaları kimi, o da gecəyarısı ərzaq yüklərini çiyninə alıb yoxsul evlərə paylayardı.”

 

Bu gün Azərbaycan da daxil olmaqla, bir çox müsəlman ölkələrində İmam Rzanın (ə) şəhadət günü ilə əlaqədar müxtəlif mərasimlər keçirilir.