Anti-Amerika mövqeli sabiq Haşd-şabi komandiri Rusiyaya rəsmi səfərə dəvət edilib

Tərəflər danışıqlar zamanı İraq, İran, Rusiya və Suriyanın İŞİD-ə və terrorçuluğa qarşı birgə əməliyyat otağının fəaliyyətini müsbət hesab edib və onu səmərəli adlandırıblar

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 11:39

İraq Parlamentinin “Fəth Koalisiyası”nın sədri anti-Amerika və anti-Səudiyyə mövqeləri ilə tanınan və rəsmi Tehrana yaxın olan sabiq Haşd-Şabi komandiri Hadi əl-Amiri Rusiyaya rəsmi səfərə dəvət edilib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Fəth Koalisiyası” bəyanat verib.

 

Bildirilib ki, “Fəth Koalisiyası”nın sədri Hadi əl-Amiri Rusiyanın İraqdakı səfiri Maksim Maksimovla görüşüb və ikitərəfli münasibətləri və bölgə məsələlərini müzakirə ediblər.

 

Tərəflər danışıqlar zamanı İraq, İran, Rusiya və Suriyanın İŞİD-ə və terrorçuluğa qarşı birgə əməliyyat otağının fəaliyyətini müsbət hesab edib və onu səmərəli adlandırıblar.

 

Rusiya səfiri də İraq parlament seçkilərinin nəticələrinə əsasən öncüllərdən olan “Fəth Koalisiyası”nın və şəxsən Hadi əl-Amirinin ölkə siyasətində və terrora qarşı mübarizədə əhəmiyyətli rola malik olduğunu çatdırıb.

 

Rusiya səfiri ölkəsinin siyasi təcrübələri ilə yaxından tanış olmaq üçün Hadi əl-Amirini Moskvaya rəsmi səfərə dəvət edib.

 

Qeyd edək ki, Hadi əl-Amirinin başçılıq etdiyi və hazırda Haşd Şabi tərkibində olan “Bədr” siyasi - hərbi təşkilatı ABŞ –ın və Səudiyyə komandasının tənqidlərinə məruz qalmaqdadır.