"İŞİD" yaponiyalı əsirlərdən birini edam edib

Sağ qalan digər girovun müraciəti əlavə edilən video material yayımlanıb

Bakı, Ramik Cəfərzadə, İnteraz - 25 Yanvar 2015, 10:19

"İŞİD" terror qruplaşması girov götürdüyü iki yaponiyalıdan birinin başını kəsməsini əks etdirən video müraciət yayıb.

 

İnterAz-ın "Reuters"-ə istinadən məlumatına görə, 42 yaşlı Haruna Yukavanın başı kəsilmiş halda fotoşəkli əks olunan materialda sağ qalan digər girovun audio müraciəti əks olunur.

 

Video müraciət dünən axşam saatlarında "Youtube" portalına yerləşdirildikdən sonra silinib.

 

Yaponiyanın baş naziri Şinzo Abe bugünkü açıqlamasında yayılan kadrların həqiqətə yaxın olduğunu etiraf edərək, bu qətli amansız və yolverilməz olduğunu bəyan edib. Baş nazir, həmçinin, terror qruplaşmasından digər əsirin dərhal azadlığa buraxılmasını tələb edib.

 

Bildirək ki, qətlə yetirilən Haruna Yukava keçən ilin avqustunda təhlükəsizlik şirkəti yaratmaq üçün Suriyaya getmiş və "İŞİD" terror qruplaşması tərəfindən əsir götürülmüşdü. Bunun ardınca digər yaponiyalı, 47 yaşlı sabiq müharibə jurnalisti Kenci Qoto da həmyerlisini azad etmək niyyətilə ötən ilin oktyabrında Suriyaya yollanmış, lakin, həmyerlisi kimi o da, "İŞİD" üzvlərinin əlinə keçmişdi.

 

Audio-video müraciətdə Kenci Qoto bildirir ki, qruplaşma üzvləri tərəfindən Yaponiya hökumətindən tələb edilən 200 milyon dollar məbləğ vaxtında ödənilmədiyinə görə dostu başı kəsilərək edam edilib. Onun sözlərinə görə, bundan sonra, terrorçu qrupun irəli sürdüyü tələb dəyişilib. Belə ki, Qotonun azadlığı üçün "İŞİD" İordaniyada həbsdə saxlanılan terrorçu Sacida əl-Rişavinin sərbəst buraxılmasını tələb edir.