Dövlət Neft Şirkəti Gürcüstanda keçiriləcək enerji forumunu dəstəkləyəcək

Bu barədə "SOCAR Energy Georgia LLC" rəsmisi məlumat verib

Bakı, İnteraz - 19 Avqust 2014, 16:21

"SOCAR Energy Georgia LLC" noyabrın 14-də Tiflisdə Prezident Giorgi Marqvelaşvilinin iştirakı ilə keçiriləcək "II Beynəlxalq Caspian Energy- 2014" Forumunu rəsmən dəstəkləyəcək.

 

İnterAz xəbər verir ki, "II Beynəlxalq Caspian Energy Forum - 2014" Heydər Əliyevin rəhbərliyi altında imzalanmış "Əsrin Müqaviləsi"nin 20 illik yubileyi çərçivəsində Tiflisdə təşkil olunacaq. Bu ərəfədə Xəzəryanı ölkələrin neft strategiyasını təmsil edən "Caspian Energy" jurnalı da özünün 15 illik yubileyini qeyd edəcək.

 

"SOCAR Energy Georgia LLC"-nin baş direktoru Mahir Məmmədov əlamətdar hadisələrlə bağlı bildirib:

 

“Biz əminik ki, Beynəlxalq "Caspian Energy Forum – 2014" yeni investor və şirkətlərin cəlb edilməsində istiqamətverici rol oynayacaq. Nəticədə bu, Gürcüstanın, həmçinin bütövlükdə region iqtisadiyyatının müxtəlif sektorlarının dinamik inkişafına təsir göstərəcək".

 

"Caspian Energy Forum"un birinci seksiyası Xəzər-Qara dəniz və Aralıq dənizi regionları dövlətlərinin dünya enerji bazarına inteqresiyası, energetika, nəqliyyat və infrastruktur layihələrində Gürcüstanın hakim mövqe tutmasına həsr olunacaq.

 

İkinci seksiya iqtisadi sektorun inkişafına, Avropa İttifaqı ilə qarşılıqlı münasibətlərin perspektivlərinə həsr olunacaq.

 

Tiflisdə keçiriləcək tədbirdə Gürcüstanın, həmçinin Xəzər-Qara dəniz və Aralıq dənizi regionları ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, komitə və müəssisələrinin rəhbərləri, Gürcüstanda akkreditasiyadan keçmiş diplomatik və beynəlxalq missiyalarının nümayəndələri, eləcə də iri beynəlxalq şirkət rəhbərləri iştirak edəcəklər.