Dmitriy Roqozin: “Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolu var”

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir

Moskva, Roman Ağayev, İnteraz - 21 Avqust 2014, 04:39

Rusiya Federasiyası Baş nazirinin müavini Dmitriy Roqozinin dəvəti ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir.

 

İnterAz-ın Rusiya bürosunun verdiyi xəbərə görə, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya səfəri çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Dmitriy Roqozinin başçılıq etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak ediblər. Rusiya tərəfindən isə aidiyyəti olan nazirlik və federal xidmətlər nazir müavinləri və departament rəhbərləri səviyyəsində təmsil olunublar.

 

Görüş zamanı Rusiya Federasiyasının Baş nazirinin müavini Dmitriy Roqozin münasibətlərimizin yüksək səviyyədə olduğunu qeyd edərək görüşün cari ilin avqust ayının əvvəlində Azərbaycan və Rusiya Prezidentlərinin Soçi şəhərində keçirilmiş görüşündə əldə olunan razılığın davamı olaraq keçirildiyini diqqətə çatdırıb və Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolunu vurğulayıb.

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov sözügedən səfərin iki ölkə Prezidentlərinin tapşırığına əsasən baş tutduğunu qeyd edərək ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

 

Dmitriy Roqozin Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclasının cari ilin sentyabr ayının ortalarında Bakıda keçirilməsini təklif edib.

 

Azərbaycanın Rusiya ilə uzunmüddətli və daimi əsasda əməkdaşlıqda maraqlı olduğunu deyən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev ölkəmizin Rusiyanın regionları ilə əməkdaşlığından söz açıb. Eyni zamanda o, Azərbaycanın bütün standartlara cavab verən müasir logistik mərkəzlərin yaradılmasında müsbət təcrübəsinin olduğunu söuyləyib. Nazir cari ilin altı ayında Azərbaycandan Rusiyaya gətirilən kənd təsərrüfatı məhsullarının həcminin iki dəfə artdığını bildirib. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.