"Azərbaycandan Rusiyaya daşınan kənd təsərrüfatı məhsullarının həcmi 2 dəfə artıb"

Bu sözləri Rusiyada rəsmi səfərdə olan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib

Bakı, Günel Tağıyeva, Nəzəroğlu Cəlalə Natiq qızı, İnteraz - 21 Avqust 2014, 11:02

 Rusiya hökumət başçısının müavini Dmitriy Roqozinin dəvəti ilə Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib.

 

Azərbaycanın Moskvadakı səfirliyindən İnterAz-a verilən məlumata görə, səfər çərçivəsində geniş tərkibdə görüş keçirilib.

 

Azərbaycan tərəfdən ölkənin iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov və Azərbaycanın Rusiyadakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun iştirak etdiyi görüşdə Y.Eyyubov bu səfərin iki ölkə prezidentlərinin tapşırığına əsasən baş tutduğunu qeyd edib. O, səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

 

Azərbaycanın Rusiya ilə uzunmüddətli və daimi əsasda əməkdaşlıqda maraqlı olduğunu söyləyən Ş.Mustafayev ölkəmizin Rusiyanın regionları ilə əməkdaşlıq etdiyini bildirib. Bundan başqa, o, ölkəsinin bütün standartlara cavab verən müasir loqistika mərkəzlərinin yaradılmasında müsbət təcrübəsinin olduğunu vurğulayıb. İqtisadiyyat və sənaye naziri cari ilin altı ayında Azərbaycandan Rusiyaya daşınan kənd təsərrüfatı məhsullarının həcminin iki dəfə artdığını qeyd edib.

 

Rusiya tərəfdən ölkənin kənd təsərrüfatı nazirinin birinci müavini İqor Manılov, iqtisadi inkişaf nazirinin müavini Nikolay Podquzov, Rusiya İstehlakçılarının Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsinə Nəzarət üzrə Federal Xidmətin rəhbəri Anna Popova, Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti rəhbərinin müavini Aleksey Saurin, Xarici İşlər Nazirliyinin Dördüncü MDB ölkələri departamentinin rəisi Aleksey Pavlovskiy və digər rəsmi şəxslərin iştirak etdiyi görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.