Avtomobillərə aid etibarnamə qaydalarına dəyişiklik edilib

Fiziki şəxslər notariusa əlavə məlumatlar verməli olacaq

Bakı, Ramik Cəfərzadə, Xumar Kərimli, İnteraz - 23 Avqust 2014, 17:21

 İnterAz xəbər verir ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edib.

 

Dəyişikliyə əsasən bundan sonra nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius həm də fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı və sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları dərhal Ədliyyə Nazirliyinin "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na daxil etməlidir.

 

Məsələ ilə bağlı münasibət bildirən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qeyd edib ki, bu proseslər vətəndaşların işini sadələşdirmək üçün nəzərdə tutulub və həmin məlumatlar verilmədiyi halda notarius etibarnaməni və ya icarə müqaviləsini təsdiq edə bilməz.

 

 Ekspert sonda onu da bildirib ki, bu gün Nazirlər kabinetinin başqa bir qərarı da  qüvvəyə minib. Həmin qərarda mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatı ilə bağlı 1999-cu ildə qəbul olunan 39 saylı qərara dəyişiklik edilib.