"Caspian European Club" (CEIBC) bir sıra forumlar keçirəcək

Biznes - hakimiyyət dialoqu çərçivəsində baş tutacaq forumların ilin ikinci yarısında təşkili nəzərdə tutulur

Bakı, Ramik Cəfərzadə, , İnteraz - 25 Avqust 2014, 17:51

Caspian European Club (CEIBC) 2014-cü ilin ikinci yarısında nazirlik və dövlət qurumları rəhbərlərinin sədrliyi ilə biznes - hakimiyyət dialoqu çərçivəsində bir sıra forumlar təşkil edəcək.

 

İnterAz xəbər verir ki, biznes-forumlar Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun, maliyyə naziri Samir Şərifovun, mərkəzi bankının sədri Elman Rüstəmovun, alternativ və bərpa olunan enerji mənbələri üzrə dövlət agentliyinin sədri Akim Bədəlovun rəhbərliyi ilə baş tutacaq.

 

CEIBC-nin baş icraçı direktoru Telman Əliyev CEIBC-nin biznes-forumlarında iştirakına görə nazirlik və hökumət qurumları rəhbərlərinə minnətdarlığını bildirib.

 

Onun sözlərinə görə, biznes-forumlar çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə şirkətlərin problem və təklifləri müzakirə olunacaq və onları maraqlandıran suallar cavablandırılacaq.

 

Biznes-forumların yekun nəticəsi olaraq CEIBC və dövlət qurumlarının birgə işçi qrupu çərçivəsində təkliflər hazırlanacaq və baxılmaq üçün hökumətə təqdim olunacaq.

 

CEIBC-nin tədbirlərinə Azərbaycanda fəaliyyət göstərən bütün aparıcı biznes-assosiasiyaların rəhbərləri dəvət olunacaqdır.

 

Biznes forumlarda iştirak etmək istəyənlər [email protected] elektron ünvanı vasitəsi ilə təşkilatçılarla əlaqə saxlaya bilərlər.