Saxta məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edilib

"Yarmarkalarda mənşəyi bilinməyən, sertifikatı olmayan, zirzəmidə tikilən məktəbli geyimləri satılır"

Bakı, Ramik Cəfərzadə, , İnteraz - 26 Avqust 2014, 13:37

"Bakı Tikiş Evi” (BTE) saxta məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib.
 
 
BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, bu gün bütün yarmarkalarda mənşəyi bilinməyən, sertifikatı olmayan, zirzəmidə tikilən məktəbli geyimləri satılır. Onun sözlərinə görə, bu da uşaqlarda müxtəlif allergiya və digər fəsadlara səbəb olur: ”Bu düzgün deyil, cinayətdir. Hər kəs istəyir ki, uşaqlara gigiyenik, uyğunluk sertifikatı olan paltarlar geyindirsin. Ona görə də uşaqların sağlamlığını nəzərədə alaraq, valideynlər saxta geyimlər almaqdan çəkindirməyə çağırırıq. Saxta geyimlərlə bağlı mütəmadi olaraq İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər edilir”.
 

 

E.Əzimov qeyd edib ki, hazırda Bakıda "Bakı Tikiş Evi”nin 19 satış mərkəzi fəaliyyət göstərir. Bu il Lökbatan qəsəbəsində yeni mərkəzin açıdığını deyən şöbə rəisi bildirib ki, Bakının digər qəsəbələrində - Qaradağ, Yeni Sahil, Pirküşkül, Buzonva, Binə və digər kənar ərazilərdəki vətəndaşlar da satış mərkəzlərindən rahatıqla məktəbli geyimini ala bilərlər.

 

 

O vurğulayıb ki, bu il məktəbli geyimlərinin qiymətində dəyişiklik yoxdur: ”26 ölçüdən 54 ölçüyə kimi məktəbli formaları var.  I-VI sinif şagirdləri üçün 26-44 ölçüdə və VII-XI sinif şagirdləri üçün 34-54 ölçüdədir. Məktəbli formalarının qiymətlərinə gəlincə bu, ölçülərə görə dəyişir. Belə ki, I-VI sinif şagirdləri üçün 26-44 ölçüdə dəstin qiyməti 40 manat,  VII-XI siniflər üçün isə 34-54 ölçüdə 52 manatdır”. /APA/