Baş nazirdən dəmir yolu xətti altına düşən torpaqlarla bağlı qərar

Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Dekabr 2018, 09:51

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində yeni yol oxu üzrə dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edilib.

 

İnterAz-ın məlumatına görə, bununla bağlı müvafiq sənədi baş nazir Novruz Məmmədov imzalayıb.

 

Qərara əsasən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən 56 kilometrlik Qasımlı-Astara hissəsində yeni yol oxu üzrə dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib. 

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirəcək və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edəcək. 

 

Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.