Bakı-Şamaxı avtomobil yolunda hərəkət sürəti artırılır

Sözügedən işlər fevralın12-də axşam saatlarında yekunlaşdırılacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Fevral 2019, 13:24

Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunda tələb olunan yerlərdə nəqliyyat vasitələrinin maksimum hərəkət sürətinin aşağı və yaxud yuxarı həddə tənzimlənməsi ilə əlaqədar olaraq yol nişanlarının quraşdırılması işlərinə başlanılıb.

 

Bu barədə İnterAz-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

 

Məlumata görə, Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunun 28-101-ci km-lik hissəsində 90 km/saat yol nişanları 110 km/saat yol nişanları ilə əvəz edilir.

 

“Sözügedən işlər fevralın12-də axşam saatlarında yekunlaşdırılacaq. Bu üzdən sürücülərdən işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - deyə AAYDA bildirib.