“Azəriqaz” yanvarda 4 rayonun 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlayıb

“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi təxirə salınmaz işlər həyata keçirir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 17:12

“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi təxirə salınmaz işlər həyata keçirir.

 

İnterAz xəbər verir ki, bu barədə "Azəriqaz"ın açıqlamasında bildirilir. 

 

Məlumatda həmçinin deyilir ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir.

 

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2019-cu ilin yanvar ayı ərzində 17,1 km yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 36,1 km qaz kəməri əsaslı təmir olunub. Bu ilin yanvar ayında Gədəbəy rayonu üzrə 6, İsmayıllı rayonu üzrə 1, Ağsu rayonu üzrə 5 və Şamaxı rayonu üzrə isə 2 olmaqla ümumilikdə 14 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb.