“Azərenerji”: “Şimal-1” elektrik stansiyasında itirilmiş 30 meqavat güc bərpa olunub

Ümumilikdə ötən ilin sentyabrından sonra aparılan yenidənqurma, təmir - bərpa işləri nəticəsində “Şimal-1” Elektrik Stansiyasının gücü 350 meqavatdan 380 meqavata qaldırılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Aprel 2019, 14:51

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində Şüvəlan qəsəbəsində yerləşən “Şimal-1” elektrik stansiyasında son aylarda təmir, sazlama və bərpa işləri aparıb.

 

ASC-dən İnterAz-a bildirilib ki, stansiyanın blokunda zədələnmiş rutor dəyişdirilərək başqası ilə əvəz edilib. 100 tonadək çəkisi olan rutorun dəyişdirilməsi ilə bağlı stansiyanın fəaliyyətinin müvəqqəti dayandırılması fürsətindən istifadə edilərək xarici və yerli mütəxəssislərin iştirakı ilə yanacaq kompressoru, işçi kürəklər, o cümlədən digər avadanlıq, aqreqatlar yenilənib, təmizlənib və təmir edilib. Təmirdən sonra yerli mütəxəssislərlə birgə “Mitsubishi”, “General Electric”, “ABB” şirkətinin Avropadan və Yaponiyadan olan mütəxəssislərinin iştirakı ilə sınaq işləri aparılıb və “Şimal-1” elektrik stansiyası təkrar işə qoşulub.

 

Ümumilikdə ötən ilin sentyabrından sonra aparılan yenidənqurma, təmir - bərpa işləri nəticəsində “Şimal-1” Elektrik Stansiyasının gücü 350 meqavatdan 380 meqavata qaldırılıb.

 

Stansiyada görülən işlərlə paralel olaraq təməli Prezident İlham Əliyev tərəfindən qoyulan 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının tikintisi də son aylarda sürətləndirilib və artıq yekunlaşmaq üzrədir. “Şimal-2” elektrik stansiyasının enerji blokunda Yaponiyanın “Mitsubishi” şirkətinin mütəxəssisləri ilə birgə sazlama işləri davam edir və hər həftənin bir günü qurğu işə salınaraq yoxlanılır. Yay aylarda “Şimal-2” elektrik stansiyası istismara buraxılacaq. Burada tikilən İdarəetmə Mərkəzinin sayəsində “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının paralel istismar edilməsi daha stabil və qənaətcil olacaq. “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları üzrə ümumilikdə il ərzində 5,7 milyard kilovat/saat elektrik enerjisi istehsalı ediləcək ki, bu da enerji sistemi üçün olduqca ciddi nəticədir.