ASCO “TransCaspian 2019” sərgisində təmsil olunur

Geniş ərazidə quraşdırılmış stend unikal tərtibatına görə xüsusi fərqlənir.

Bakı, , İnteraz - 11 Iyun 2019, 13:23

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Bakı Ekspo Mərkəzində keçirilən 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2019” sərgilərində öz stendi ilə təmsil olunur.

 

İnterAz xəbər verir ki, geniş ərazidə quraşdırılmış stend unikal tərtibatına görə xüsusi fərqlənir. Burada son illər ASCO-nun donanmasının müasirləşdirilməsi istiqamətində görülən tədbirlər və gələcək layihələr haqqında ziyarətçilərə ətraflı məlumat verilir. Bununla yanaşı, sərgidə şirkətin fəaliyyətini əks etdirən müxtəlif çap məhsulları, foto və videoçarxlar nümayiş olunur. Bu baxımdan stendin qarşısında ayaq saxlayan ziyarətçilər də çox olur.

 

Sərginin açılış mərasimində iştirak edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ASCO-nun stendi ilə yaxından maraqlanıb. Nazirə məlumat verilib ki, “TransCaspian 2019” sərgisində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilk dəfə olaraq ASCO brendi adı altında iştirak edir. Şirkət durmadan inkişaf edir və öz mövqeyini gücləndirir. Belə ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsinə layiqli töhfə vermək üçün bütün imkanlarını səfərbər edib.

 

Xatırladaq ki, “TransCaspian/Translogistica”-2019”-da dünyanın 10 ölkəsini təmsil edən 75 şirkət iştirak edir. Sərgi 11-13 iyun tarixində ziyarətçilərin üzünə açıq olacaq.

 

Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüşlər, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli infrastruktur layihələri ilə yaxından tanışlıq, yeni müştərilərlə əlaqələr və təcrübə mübadiləsi baxımından unikal imkana malikdir.