"Azərişığ"a müraciət edən sahibkarların sayı 3 dəfəyə yaxın artıb

Ötən ilin yanvar-sentyabr aylarında quruma 1 010 sahibkar müraciət edib...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 04 Oktyabr 2019, 14:57

Bu ilin ilk 9 ayında “Azərişıq” ASC-yə “ASAN Xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən sahibkarların sayı 3 359 olub.

 

İnterAz xəbər verir ki, bunu “Azərişığ”ın “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Depatamentinin direktoru Elsevər Rüstəmli bu gün keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında quruma 1 010 sahibkar müraciət edib.

 

E.Rüstəmli bildirib ki, sahibkarların müraciətlərin sayında sürətli artımın müşahidə olunması aparılan islahatlarla bağlıdır: “Ötən il dekabrın 25-də Prezident “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələçdirilməsi haqqında” fərman imzalayıb, şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib, şəbəkəyə qoşulmada kilovata görə vahid tarifin tətbiq olunub, ən əsası isə “Azərişığ”ın mütəxəssislərinin hazırladığı elektron müraciətlərin idarə olunması sistemi “Elektron Hökumət” portalına inteqrasiya edilib. Bununla da, sahibkarların onlayn rejimdə müraciət etməklə bir neçə dəqiqəyə işini yekunlaşdırmasına şərait yaradılıb”.

 

Bundan başqa, "Azərişıq" rəsmisinin sözlərinə görə, sahibkarlar Elektron Müraciətlərin İdarəolunması Sistemi (EMİS) vasitəsilə də obyektinə işıq çəkdirə bilər: "“www.azerishiq.az” saytına, oradan isə EMİS-ə daxil olan sahibkar müvafiq linki vurmaqla Elektron Hökumət portalına keçir. Bu sistem digər dövlət qurumları ilə inteqrasiya olunduğu üçün müraciət edən şəxs özünə aid məlumatları ümumi bazadan götürür. “Reyester və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir. Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib, qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə müraciət avtomatik icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkarın işığı yanır”.