MİDA: 570 güzəştli mənzildən 284-nün rəsmiləşdirilməsi başa çatıb

Hazırda qalan mənzillərin satışının rəsmiləşdirilməsi Qaydalara uyğun olaraq davam etdirilir...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 13 Noyabr 2019, 11:34

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi Yasamal Yaşayış Kompleksində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 284-nün alqı-satqısı uğurla başa çatdırılıb.

 

MİDA-dan İnterAz-a verilən məlumata görə, həmin mənzillərdən 2-ni gözləmə qaydasında 1-ci sıranı seçmiş şəxslər əldə edib. 

 

Hazırda qalan mənzillərin satışının rəsmiləşdirilməsi Qaydalara uyğun olaraq davam etdirilir.

 

Məlumata görə, güzəştli şərtlərlə əldə edilmiş 284 mənzildən 49-u 1 otaqlı, 159-u 2 otaqlı, 76-sı isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 140-ı mənzili öz vəsaiti hesabına, 144-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.

 

Xatırladaq ki, tezliklə Yasamal Yaşayış Kompleksində qalan mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.

 

Bununla əlaqədar olaraq, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməlidir.

 

"MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasənmənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.