TANAP-ın Avropa bağlantısının açılış mərasimi keçirilib

Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi başlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Noyabr 2019, 15:50

Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi başlayıb.

 

“Report” xəbər verir ki, açılış mərasiminin keçirildiyi İpsala qəsəbəsi TANAP-ın MS4 ölçü stansiyasının yerləşdiyi və Avropaya Azərbaycan qazını nəql edəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilən ərazidir.

 

Faza-1 adlandırılan hissənin (Eskişəhərdən Avropaya qədər olan hissə) diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1-in tikintisinə 2016-cı il mayın 20-də başlanıb. Bu hissədə sınaq qazının vurulması işlərinə aprelin 15-də başlanılıb. İyunun 15-də “Şahdəniz” qazı Türkiyə-Yunanıstan sərhəddinə çatıb.

 

3 500 km-lik dəhlizin tərkib hissəsi

 

TANAP uzunluğu 3 500 km-dən artıq olan Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentlərindən biridir. Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. TANAP-la yanaşı, “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. 2018-ci il mayın 29-da Səngəçalda Cənub Qaz Dəhlizinin açılış mərasimi keçirilib.

 

Həmin il iyunun 12-də TANAP-ın qaz çıxış nöqtəsi, kompressor və ölçmə stansiyalarından biri yerləşdiyi Eskişəhərin Seyidqazı ərazisində ilk hissənin açılış mərasimi keçirilib. Türkiyə bu hissədən qaz alır.  İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirir.

 

TANAP-la bağlı ilk addımlar 2011-ci ilin sonlarında atılıb. 2011-ci il oktyabrın 25-də "Azərbaycan və Türkiyə arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn qazın Türkiyə ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Saziş imzalanıb. TANAP layihəsinin həyata keçirilməsi 2011-ci il noyabrın 17-də İstanbulda keçirilən III Qara dəniz enerji və iqtisadi forumunda elan olunub. Həmin il dekabrın 26-da isə boru kəmərinin tikintisi və boru kəmərinin idarə edilməsi üçün konsorsimun yaradılması üçün Türkiyə və Azərbaycan arasında Memorandum imzalanıb. TANAP-la bağlı Azərbaycan və Türkiyə arasında Hökumətlərarası müqavilə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb.

 

TANAP-ın təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsın Səlim rayonunda qoyulub.

 

Türkiyədəki ən uzun təbii qaz boru kəməri

 

TANAP Türkiyənin Gürcüstanla sərhəddində yerləşən Ardahan şəhərinin Posof rayonunun Türkgözü kəndindən başlayır və Ardahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə olmaqla Türkiyənin 20 şəhərindən keçir.

 

Ümumi uzunluğu 1850 km olan TANAP Türkiyə ərazisində indiyədək həyata keçirilən ən uzun təbii qaz boru kəməri hesab olunur. TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Faza-1 isə diametri 48 düym, uzunluğu 476 km-dir. Bundan başqa, TANAP-ın ümumi uzunluğu 35,2 km təşkil edən 36 düymlük iki qoşa xətti Mərmərə dənizinin dibi ilə Dardanel boğazından keçir.

 

TANAP-ın ən yüksək hissəsi Ərzincanda Qızıldağ bölgəsində (2 760 m), ən dərin hissəsi isə Mərmərə dənizdə (-65 m) yerləşir.

 

TANAP-la ötürülən qazın həcmi hissə-hissə artırılacaq

 

Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP-ın ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

 

Ötən il iyunun 30-dan indiyədək TANAP vasitəsilə Türkiyə bazarına 3,3 mlrd. kubmetr Azərbaycan qazı nəql edilib. 2021-ci ildən isə Türkiyə üçün bu həcm 6 mlrd. kubmetrə çatdırılacaq.

 

Kəmərin ötürücülük gücünün əlavə sərmayələrlə əvvəlcə 24 mlrd. kubmetrə, sonra isə 31 mlrd. kubmetrə çıxarılması planlaşdırılır. Bunun üçün isə əlavə kompressor stansiyaları inşa olunmalıdır.

 

Hazırda TANAP-ın biri Ardahanın Damal ərazisində və digəri isə yuxarıda qeyd olunduğu kimi, Eskişəhərin Seyidqazi ərazisində yerləşən iki kompessor stansiyası var. TANAP-ın ötürücülüyü maksimal nəzərdə tutulan 31 mlrd. kubmetr layihə gücünə çatdırıldıqda kompressor stansiyalarının sayı 7 olacaq.

 

İldə 1 mlrd. dollardan çox gəlir

 

Hesablamalara görə TANAP hər il 1,45 mlrd. dollar dəyərində gəlir gətirəcək. Bu miqdarın 96,4 mln. dolları isə Türkiyəyə vergi olaraq ödəniləcək.Bu gəlirin 58%-i Azərbaycanın payına düşəcək.

 

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir. “SOCAR Turkey Enerji” 2018-ci ilin martın sonunda TANAP-ın səhmdarları arasına qoşulub. Şirkət “Cənub Qaz Dəhlizi” QSC-dən pay alıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.

 

TANAP-da 5,2 mlrd. dollarlıq qənaət

 

Hazırda TANAP-ın dəyəri 6,5 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Yekun investisiya qərarı qəbul ediləndə ümumi xərcləri 11,7 mlrd. dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində 5,2 mlrd. dollara qənaətə nail olunub.