Mərkəzi Bank uçot dərəcəsini endirib

...Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6,75%-dən 6,5%-ə endirilməsi haqqında qərar qəbul edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Sentyabr 2020, 14:04

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6,75%-dən 6,5%-ə endirilməsi haqqında qərar qəbul edib. 

 

Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edib.

 

 Bu barədə İnterAz-a Mərkəzi Bankdan bildirilib. 

 

Bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesinin sürətləndirilməsinə yönəldilmişdir. Uçot dərəcəsinin qəbul olunan səviyyəsi qısa və ortamüddətli dövrdə inflyasiya proseslərinin dinamikasını nəzarətdə saxlamağa imkan verir.

 

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa və ortamüddətli perspektivdə inflyasiya üzrə risk balansından, faktiki inflyasiyanın hərəkət trayektoriyasından, beynəlxalq konyunkturdan və valyuta bazarındakı vəziyyətdən asılı olaraq qəbul ediləcəkdir.