TAP kəməri ilə İtaliyaya qaz tədarükü bu ilin sonunda başlayacaq

"Planlara və hədəflərə uyğun olaraq, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya qaz tədarükü bu il sonunda başlayacaq"...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Sentyabr 2020, 17:46

"Planlara və hədəflərə uyğun olaraq, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya qaz tədarükü bu il sonunda başlayacaq".

 

İnterAz-ın məlumata görə, bunu TAP-ın icraçı direktoru Luka Şipati (Luca Schieppati) "İtaliya Enerji Sammiti – 2020" tədbirində çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, ilin sonunda qazın nəql olunmasına başlanacaq və bununla da Cənub Qaz Dəhlizi açılacaq. Son məlumatlara görə, TAP kəmərinin 98%-i artıq yekunlaşıb.

 

TAP-ın rəsmisi əlavə edib ki, hazırda Azərbaycan və Ermənistan arasında cəbhə bölgəsindəki münaqişə sözügedən kəmərlə qazın nəqli üçün heç bir risk yaratmır.

 

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan və Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

 

Xatırladaq ki, "Şahdəniz-2" yatağından çıxarılan təbii qaz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Avropaya test rejimində daşınmasına başlanılıb. Qaz Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçəcək və İtaliyaya qədər çatdırılacaq. TAP-a test üçün və hətta xətdə qalacaq qədər sınaq məqsədilə qaz vurulub. Kəmərin 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyi gözlənilir.

 

Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə "Cənub Qaz Dəhlizi" QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. CQD Azərbaycan İqtisadiyyat Nazirliyi (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.