“Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihənin təlimləri sona çatıb

...layihə çərçivəsində həyata keçirilən təlimlər 2 qrup əyani və 1 qrup onlayn formada olmaqla reallaşdırılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Noyabr 2020, 15:32

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KOBİA-nın birgə dəstəyi ilə ARPA tərəfindən icra olunan “Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihənin təlimləri sona çatıb.

 

Kiçik və orta sahibkarlıq subyektlərinin iştirakının nəzərdə tutulduğu layihənin əsas məqsədi Azərbaycanda xüsusi əhəmiyyət kəsb edən iqtisadi sferalarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin, xüsusilə KOS-ların dəstəklənməsi, onların fəaliyyətinin keyfiyyət və effektivliyinə nail olmaq idi.

 

İnterAz xəbər verir ki, layihə çərçivəsində həyata keçirilən təlimlər 2 qrup əyani və 1 qrup onlayn formada olmaqla reallaşdırılıb. Təlimlərin sonunda bütün sessiyalarda iştirak edən şəxslər sertifikatlarla təmin olundu. Növbəti günlərdə isə namizədlər arasında aktiv formada iştirakına görə seçilmiş 2 sahibkarlıq subyektinə ARPA tərəfindən 1 aylıq risk menecment sahəsi üzrə məsləhət xidmətləri göstəriləcəkdir.