Azad edilmiş ərazilərdə elektrik təchizatı təmin edilir

...işğaldan azad etdiyi ərazilərdə bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də geniş miqyaslı işlər görülür

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Noyabr 2020, 16:25

Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər çərçivəsində həyata keçirir.

 

İnterAz xəbər verir ki, işğaldan azad etdiyi ərazilərdə bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də geniş miqyaslı işlər görülür.

 

Hazırda “Azərişıq” ASC-nin əməkdaşları cəbhə boyu bölgələrdə düşmənin mülkü obyektləri hədəfə alması nəticəsində dəyən zərəri aradan qaldırır və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər.

 

Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarəetmə sistemini tətbiq etməklə 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, 35 kV ÖİN naqillərdən istifadə etməklə elektrik veriliş xətlərinin çəkilməsi üzrə layihələr hazırlanmış, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən dövlət əhəmiyyətli binaların müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər görür. Artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar Horadiz yarımstansiyasından qidalanan yeni çəkilən elektrik veriliş xətti vasitəsiylə elektrik enerjisi ilə təmin olunub.

 

Əmin edirik ki, işğaldan azad olunmuş torpaqlarımızın hər bir nöqtəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün "Azərişıq" ASC Dövlət başçısının müvafiq tapşırıqlarını ən qısa vaxtda layiqincə yerinə yetirəcək.