İş yerlərində ümumilikdə 14 769 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib

Dövlət Əmək Müfəttişliyi Xidməti aşkar edilən hüquq pozuntularının qısa müddətdə aradan qaldırılması üçün qanunvericiliyə uyğun şəkildə zəruri tədbirlərin görülməsini təmin edib

Bakı, Zaurə Əmirova, İnteraz - 08 Yanvar 2016, 11:15

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ötən il vətəndaş müraciətlərinin araşdırılması zamanı iş yerlərində ümumilikdə 14769 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən İnterAz-a verilən məlumata görə, aşkar edilən hüquq pozuntuları daha çox əmək müqavilələrinin bağlanmaması və ya bu müqavilələrin şərtlərinin yerinə yetirilməməsi, əmək haqqının hesablanması və ödənilməsində yol verilən nöqsanlar, əməyin mühafizəsinin tibbi-sosial məsələləri, texniki təhlükəsizlik qaydalarına əməl olunmaması və s. ilə bağlı olub. İqtisadiyyatın sahələri üzrə hüquq pozuntuları əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, ictimai iaşə və s. sahələrdə qeydə alınıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti aşkar edilən hüquq pozuntularının qısa müddətdə aradan qaldırılması üçün qanunvericiliyə uyğun şəkildə zəruri tədbirlərin görülməsini təmin edib. Həmçinin əmək hüquqlarının pozulması hallarına bir daha yol verilməməsi üçün aidiyyəti işəgötürənlərlə izahat işləri aparılıb, onlara zəruri metodiki köməkliklər göstərilib.

İş yerlərində əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi, işəgötürənlərin bu mövzuda geniş maarifləndirilməsi istiqamətində Xidmət tərəfindən aparılan məqsədyönlü işlərin müsbət nəticəsi kimi, hesabat dövründə aşkar olunan əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü illə müqayisədə 27,6 faiz azalıb.