DEVAMM Müdafiə Nazirliyinin açıqlamasına etiraz edir

Dini Etiqad Azadlıqlarının Müdafiəsi Mərkəzi (DEVAMM) bəyanat qəbul edib

Bakı, Orxan Kərimov, İnteraz - 07 Fevral 2014, 10:19

Dini Etiqad Azadlıqlarının Müdafiəsi Mərkəzi (DEVAMM) bəyanat qəbul edib.

 

İnterAz-ın deyerler.org saytına istinadən verdiyi xəbərə görə, mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: 

 

“Müdafiə Nazirliyi rəsmilərinin orduda namaz qadağasının olub-olmamasının izahında dedikləri sözlər - ən azı anlaşılmazlıqdır. Belə ki, nazirlik rəsmisinin izahında dini etiqad və vicdan azadlığının birmənalı təmin olunması, dini etiqadı məhdudlaşdıran heç bir hərəkətin edilməməsi və belə hərəkətin zatən qeyri-qanuni olması barədə heç bir müddəa səslənmədi. İkibaşlı cümlələrlə, şablon ifadələrlə amorf bir fəza yaradıldı ki, bunun nəticəsində nazirliyin namaz qadağasının mümkünlüyünə olan həqiqi münasibəti əsla bilinmədi. DEVAMM olaraq bəyan edirik ki, istər Müdafiə Nazirliyinin strukturuna aid bölmə və hissələrdə, istərsə də hər hansı bir digər yerdə Azərbaycan Respublikasının Konstitusiyası birbaşa və mütləq təsir qüvvəsinə malikdir və heç bir vəzifəli şəxs bu Əsas Qanundan irəli gələn hüquq və azadlıqları məhdudlaşdıra bilməz.Eyni zamanda nəzərə almaq lazımdır ki, dini ayinlərin icraısna maneə törətmək - qüvvədə olan qanunvericiliyə görə cinayət tərkibi yaradır. Əlaqədar qurumlara, o cümlədən, hərbi hissələrdə qanunçuluğun təmininə nəzarət edən inzibati qurumlara müraciətlə, göstərilən halları yoxlamaq və müvafiq hüquqi qiyməti vermək üçün müraciət edirik”.

 

Xatırladaq ki, Müdafiə Nazirliyi bildirib ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir. Ölkəmizdə din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği də qadağandır”.