Ukraynada “Xocalı ayı” elan edilib

Bu kampaniya çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixinin ən qanlı səhifəsinə həsr edilmiş “dəyirmi masa”lar, sənədli filmlərə baxışlar, kitab təqdimatları, plakat və sənədlərin surətlərinin sərgiləri təşkil ediləcək

Bakı, Tural Səftərov, İnteraz - 08 Fevral 2014, 11:27

Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kiyevdəki nümayəndəliyinin və Ukraynada Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) təşəbbüsü ilə fevral ayı bu ölkədə “Xocalı ayı” elan edilib. Bu barədə İnterAz-a ölkəmizin Kiyevdəki diplomatik nümayəndəliyindən məlumat verilib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış və Xocalı faciəsinə dünya birliyi tərəfindən siyasi-hüquqi və mənəvi qiymət verilməsinə yönəlmiş “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyi, UAGİ və ölkəmizin digər diaspor təşkilatları bütün Ukraynada Xocalı soyqırımına həsr edilmiş anım tədbirləri keçirəcəklər.

 

Bu kampaniya çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixinin ən qanlı səhifəsinə həsr edilmiş “dəyirmi masa”lar, sənədli filmlərə baxışlar, kitab təqdimatları, plakat və sənədlərin surətlərinin sərgiləri təşkil ediləcək.

 

Tədbirlərdə bizim diplomatlar, Azərbaycan diasporunun rəhbərliyi və fəal üzvləri, Ukraynada hakimiyyətin bütün şaxələrinin və ölkə ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

 

Yekun tədbiri fevralın 26-da səfirlikdə keçiriləcək.

 

Tədbirlər başa çatandan sonra Ukraynada yaşayan azərbaycanlılar tərəfindən xarici ölkələrin Ukraynadakı səfirliklərinə və beynəlxalq təşkilatların bu ölkədə akkreditə edilmiş missiyalarına müraciət hazırlanacaq. Tədbirlərin məqsədi Xocalıda törədilmiş qanlı qırğının dünya birliyi tərəfindən pislənməsi və Azərbaycan xalqının faciəsində təqsirkarları insanlığa qarşı cinayətlərə görə məsuliyyətə cəlb etməkdir.