İspaniya parlamentində Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair sənəd qəbul ediləcək

Bunu Milli Məclisdə keçirilən mətbuat konfransında İspaniya parlamentinin üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun rəhbəri Xose Mariya Çikoyo deyib

Bakı, Tural Səftərov, İnteraz - 08 Fevral 2014, 13:24

İspaniya parlamentində Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Emrənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı sənəd qəbul ediləcək. İnterAz xəbər verir ki, bunu Milli Məclisdə keçirilən mətbuat konfransında İspaniya parlamentinin üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun rəhbəri Xose Mariya Çikoyo deyib.

 

Onun sözlərinə görə, Bakıda olduqları üç gün ərzində regionda baş verən həqiqətlərlə yaxın tanış olublar.

 

BMT-nin erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasına dair 4 qətnaməsinin yerinə yetirilməməsindən təssüf etdiyini deyən ispaniyalı parlamentari qeyd edib ki, onlar İspaniyaya qayıtdıqdan sonra bu məsələni parlamentdə qaldıracaq və təxminən bir ay, ay yarımdan sonra müvafiq sənədin qəbul olunmasına nail olmağa çalışacaqlar: "Biz Azərbaycanda özümüzü başqa ölkədə yox, qardaş, dost ölkədə olduğu kimi hiss etmişik. Burada olduğumuz dövrdə Azərbaycan reallıqlarını tanıdıq, onun problemlərini gördük. Biz də İspaniya parlamenti adından Azərbaycana nə kömək lazımdırsa, əlimizdən gələni etməyə hazırıq. Xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə o, bizə Dağlıq Qrabağ problemi, Xocalı soyqırımı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sənədləri təqdim etdi. Biz çalışacağıq ki, həmin sənəndlərin surətlərini alıb bu məsələləri İspaniya parlamentində qaldıraq və İspaniya parlamentində Xocalı soyqırımı ilə bağlı sənəd qəbul edək".

 

Xose Mariya Çikoyo BMT-nin erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasına dair 4 qətnaməsinin yerinə yetirilməməsindən təəssüf etdiyini deyib: "Biz bu qətnamələrin yerinə yetirilməsi üçün əlimizdən gələn nə varsa, edəcəyik. Bu üç gün ərzində bizim çox fikirlərimiz aydınlaşdı. Biz çalışacağıq ki, Azərbaycan həqiqətlərini İspaniyaya çatdıraq. Onlara çatdırmalıyıq ki, Azərbaycana bütün işlərində dəstək olmalıyıq. Çünki Azərbaycanın yolu haqq yoludur. Azərbaycan İspaniyaya dost ölkədir. Azərbaycan Avropaya inteqrasiya etmiş, regionda lider ölkədir. İspaniyaya qayıtdıqdan sonra parlamentə Azərbaycandakı siyasi, iqtisadi, sosial vəziyyət barədə rəsmi məlumat təqdim ediləcək".