Moldovanın Xalq artisti “arzuolunmaz şəxslər” siyahısından adının çıxarılması üçün Azərbaycan XİN-ə müraciət edib

O, Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar vətəndaş mövqeyinin Moldova Respublikasının rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü bildirib

Bakı, Tural Səftərov, İnteraz - 08 Fevral 2014, 16:02

Azərbaycanın işğal olunmuş ərazilərə qanunsuz səfər edərək "Dövlət Sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Moldova vətəndaşı Konstantin Moskoviç adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan rəhbərliyinə yazılı şəkildə müraciət edib.

 

Bu barədə İnterAz-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

 

O deyib ki, Moldovanın Xalq Artisti Konstantin Moskoviç ünvanlandığı məktubunda 2009-cu ildə festival çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyini, bu səfərin məqsədyönlü xarakter daşımadığını və ona görə dərin təəssüf hissi keçirdiyini söyləyib. O, Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar vətəndaş mövqeyinin Moldova Respublikasının rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü bildirib və bu məktubla Azərbaycan Respublikasının qanunlarını bir daha pozmayacağı barəsində öhdəlik götürərək, adının bu siyahıdan çıxarılmasını xahiş edib.

 

XİN rəsmisi vurğulayıb ki, bu şəxsin yazılı müraciətinə müvafiq qaydada baxılacaq.