Ermənilər Xocalı tədbirinə mane olmağa çalışıblar

Argentinada erməni icması Xocalı soyqırımı ilə bağlı tədbirə mane ola bilməyib

Bakı, Tural Səftərov, İnteraz - 25 Fevral 2014, 13:48

Azərbaycanın Argentinadakı Səfirliyi və La Plata Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutundakı Azərbaycanşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Xocalı soqyırımının 22-ci ildönümü münasibətilə “Ermənistan-Azərbaycan münaqişəsi və onun nizamlanmasının regiondakı vəziyyətə təsiri” mövzusunda seminar keçirilib. 

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, tədbirdə Argentina rəsmi qurumlarının, diplomatik korpusun, akademik çevrələrin, müxtəlif dini və milli icma təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Tədbirin əvvəlində Xocalıda baş verənlər barədə məlumat verilmiş və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra La Plata Universitetinin Azərbaycanşünaslıq kafedrası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Mən Azərbaycan haqda nə bilirəm?” inşa müsabiqəsinin qalibləri Rosario Universitetindən Alexandro Cardenas və Kordoba Universitetindən Clara Trillini müvafiq olaraq “Dağlıq Qarabağ məsələsi” və “Ermənistan-Azərbaycan münaqişəsi və BMT” mövzularında hazırladıqları yazılar əsasında çıxış ediblər. Habelə, hər iki natiq Azərbaycana səfərlərində ölkənin dinamik inkişafının, çoxmədəniyyətliliyinin, ölkədə təhsilə və gənclərin inkişafına verilən önəmin şahidi olduqlarını və Dağlıq Qarabağın erməni icmasının bu məqamları nəzərə almalarının vacibliyini bildiriblər.

 

La Plata Universitetindəki Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi professor Paulo Botta Cənubi Qafqazdakı geosiyasi vəziyyət, Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirən strateji əhəmiyyətli enerji, infrastruktur və nəqliyyat layihələri, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bu layihələrdən kənarda qalmasından danışıb. Güc tətbiq etməklə bir dövlət tərəfindən digər dövlətin ərazilərinin işğalının yolverilməz olduğunu vurğulayan natiq, Ermənistanın inkişafı üçün ən optimal yolun Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığına qoşulması olduğunu, bunun üçün ilk öncə Ermənistanın öz hərbi qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalı olduğunu deyib.

 

Səfir Məmməd Əhmədzadə münaqişənin kökləri, Ermənistanın təcavüzünün nəticələri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlər, münaqişənin nizamlanmasına dair Azərbaycanın mövqeyi barədə danışıb. Azərbaycanın regionun inkişafına verdiyi töhfələr və ölkəmizin təşəbbüskarı olduğu strateji layihələr barədə məlumat verən M.Əhmədzadə habelə, müxtəlif iqtisadi-sosial göstəricilərin qarşılıqlı müqayisəsini verməklə qısa müddət ərzində Azərbaycanla Ermənistan arasında Azərbaycanın xeyrinə formalaşmış böyük fərqi diqqətə çatdırıb, bu fərqin getdikcə daha da dərinləşəcəyini bildirərək, münaqişənin tezliklə nizamlanmasının Ermənistana və ümumilikdə regiona gətirəcəyi faydalardan bəhs edib.

 

Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xüsusi hazırlanmış materiallar paylanıb. 

 

Tədbirin başlanmasından öncə Argentina erməni icmasının nümayəndələri Səfirliyin qarşısına toplaşaraq tədbirə gələn şəxslərin binaya girişinə mane olmağa çalışıb, tədbirin iştirakçılarının ünvanına təhqiramiz ifadələr səsləndirib, habelə Səfirliyin əməkdaşlarına zor tətbiq etməyə cəhd göstəriblər. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində erməni icmasının təxribatının qarşısı alınıb. Tədbirə mane olmaq cəhdlərinin faydasızlığını görüncə erməni icmasının nümayəndələri 26 fevral tarixində Azərbaycan Səfirliyinin qarşısında növbəti aksiyaya toplaşacaqlarını bəyan edərək Səfirliyin qarşısından uzaqlaşıblar.

sss