"Azərbaycan Xocalı soyqırımı ilə bağlı Beynəlxalq trubunalın təşkili üçün BMT-yə müraciət etməlidir"

DİP sədri Azərbaycanın Ukraynanın suverenliyinin qorunmasına dəstək verməsinin zəruri olduğunu deyib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 25 Fevral 2014, 16:13

"Azərbaycan Xocalı soyqırımı ilə bağlı Beynalxalq tribunalın yaradılması tələbi ilə BMT-yə müraciət etməlidir. Vaxtilə Ruanda və Srebrenitsa cinayətləriylə bağlı formalaşdırılmış beynəlxalq struktur tipli qurumun yaradılmasına nail olmaq lazımdır." Bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında Xocalı soyqırımına dair müzakirələrin gedişində Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə səsləndirib. Onun sözlərinə görə, rəsmi Bakı Xocalı faciəsinin törədilməsində iştirak etmiş və Respublika Hərbi Prokurorluğu tərəfindən haqlarında beynəlxalq axtarış elan edilmiş 38 nəfərin tutulub Beynəlxalq tribunala verilməsi tələbi ilə İnterpola müraciət etməlidir. "Xocalı soyqırımına dair Beynəlxalq tribunal çox vacibdir. Çünki biz Xocalının dinc əhalisinin kütləvi məhv edilməsinin təkcə siyasi yox, həm də hüquqi qiymət almasına nail olmalıyıq. Bunu bizdən Xocalı faciəsinin qurbanlarının xatirəsi tələb edir" - deyə DİP sədri bildirib. Onun fikrincə, Xocalı hadisələrinə dair hökmləri Azərbaycanın yerli məhkəmə orqanları yox, beynəlxalq məhkəmə instansiyaları verməlidirlər.

Asim Mollazadə iclasda həmçinin son zamanlar Ukraynada baş verən proseslərə də münasibət bildirib. O deyib ki, Ukraynadakı böhran siyasi yolla həll edilməlidir. Azərbaycan isə GUAM -ın üzvü kimi Ukraynanın ərazi bütövlüyünün qorunması üçün beynəlxalq təşkilatlar çərçivəsində Kiyevə dəstək verməlidir. “Azərbaycan xalqı çox istəyir ki, Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təmin olunsun. Biz Ukrayna ilə müttəfiqik, Azərbaycan beynəlxalq təşkilatlarda bu ölkəyə öz dəstəyini ifadə etməlidir” - deyə deputat əlavə edib.

 
sss