Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu - Araşdırma

Heydər Əliyev: "Azərbaycanın dövlət siyasəti azərbaycançılıq əsasında qurulmuşdur"

Bakı, İlkin Nadirov, İnteraz - 01 Mart 2014, 11:33

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəlib. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə  üdaxilə edilməməsi prinsipləri əsasında qurub.

 

Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olub. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Azərbaycan Respublikası həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını gerçəkləşdirir. Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı tək qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Həmçinin, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur. Əlbəttə ki, Azərbaycanın bu cür nailiyyətlərinin praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu da hər kəsə bəllidir. Azərbaycan ayrı-ayrı xarici dövlətlər, o cümlədən, qonşu ölkələrlə ikitərəfli münasibətlərinə xüsusi əhəmiyyət verir. Azərbaycan  Respublikasının  müstəqilliyini  tanımış  ilk  dövlət  olan  və  bu-günədək  Azərbaycanın mövqeyini  dəstəkləməkdə  davam  edən  Türkiyə  Cümhuriyyəti  ilə  münasibətlər  son  dərəcə  mühümdür. Etnik, mədəniyyət və dil baxımından bir-birilə sıx bağlı olan bu iki ölkə arasında qarşılıqlı münasibətlər strateji əməkdaşlıq səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sıçrayış dövrünü yaşayan Azərbaycan həm də dünya birliyinin fəal və nüfuzlu aktorlarından birinə çevrilib. Rəsmi Bakı Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Avropa İttifaqı, İslam ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan Respublikası qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini möhkəmləndirib. Elə həmin il Qoşulmama Hərəkatına daxil olmaqla Azərbaycan öz xarici siyasətinin yeni vektorlarını müəyyənləşdirib, Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağa başlayıb. Ölkəmizdə öz ölkələrinin maraqlarını müdafiə edən bir çox dövlətin səfirləri də Azərebaycanla olan dostluq və tərəfdaşlıq münasibətlərindən məmnundurlar.

 

İsmayıl Alper Coşqun –Türkiyənin Azərbaycandaki səfiri

 

“Türkiyə və Azərbaycan əlaqələri həqiqətən mükəmməl səviyyədədir. Bunun bir neçə ölçülərini nəzərdən keçirməkdə fayda var. Hər şeydən öncə təbii ki, sizin də bildiyiniz kimi, qardaşlıq bağlarımızdan qaynaqlanan, ortaq tariximizdən, ortaq mədəniyyətimizdən, eyni musiqiləri dinləməmizdən, eyni dastanlara, əfsanələrə inanmamızdan, eyni xalq şairlərinin sözləri ilə duyğulanmağımızdan qaynaqlanan çox böyük bir ortaqlığımız, qardaşlıq bağlarımız var. Bu qardaşlıq bağlarından başqa da hər iki ölkədə dövlət başçılarının ortaya qoyduqları çox qüvvətli bir iradə var.”

Möhsün Pakayin-İranın Azərbaycandaki səfiri

 

“Allaha şükürlər olsun ki, 2 müstəqil dövlət olan İran İR və Azərbaycan arasında münasibətlər çox yaxşıdır. Cənab İlham Əliyevlə, prezident Həsən Ruhaninin Davos görüşü ölkələrimiz arasındakı dostluğun simvoludur. Ümumilikdə mən hər iki ölkənin gələcək əlaqələrini çox aydın görürəm”

 

Riçard Morningstar-ABŞ-ın Azərbaycandaki səfiri

 

“ABŞ-Azərbaycan münasibətləri barədə nikbinəm, çünki ortaq maraqlarımız çoxdur. Təkcə enerji deyil, digər sahələrdə də. Məncə, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə yardım kimi ortaq marağımız var. Məqsəd iqtisadiyyatın qeyri-neft sektorunun səmərəli inkişafıdır. Ölkələrimizin gözəl dostluq gələcəyi var”.

 

Ciampaolo Kutillo-İtaliyanın Azərbaycandaki səfiri

 

“Azərbaycan İtaliya üçün vacib ölkədir. ölkələrimiz arasında əməkdaşlıq münasibətləri böyük uğurla davam edir. Bundan sonra da əməkdaşlığımız yaxşı inkişafına inanıram”

 

İrfan Sıddık-Böyük Britaniyanın Azərbaycandaki səfiri

 

“Azərbaycan və Böyük Britaniya arasında iqtisadiyyat, enerji və ticarət əsasında qurulmuş güclü münasibətlər mövcuddur. Azərbaycan və Britaniya arasında münasibətlər uğurlu və səmərəlidir, mən bu münasibətlərin davamını görürəm”

 

Paskal Monye-Fransanın Azərbaycandaki səfiri

 

“Azərbaycan ilə Fransa arasında bütün salərdə əlaqələr inkişaf edir. siyasi baxımdan Azərbaycan Fransa üçün strateji ölkələrdən biridir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Azərbaycanın və Fransanın beynəlxalq arenada siyasi baxışları eynidir”

 

Xun Tsyuin - Çinin Azərbaycandakı səfiri

 

“Çin-Azərbaycan münasibətləri diplomatik əlaqələrin qurulmasından ötən 22 il ərzində görünməmiş səviyyədə inkişaf edib. Çin Azərbaycanı özünün etibarlı dostu hesab edir, ölkələr arasında əlaqələr uğurla inkişaf edir və yaxşı nəticələr var. İki ölkənin münasibətləri qarşılıqlı hörmətə əsaslanır və dövlətlərimiz bir-birini suverenlik, ərazi bütövlüyü məsələlərində dəstəkləyir, regional və beynəlxalq məsələlərdə mövqelərimiz üst-üstə düşür”

 

Siyahını uzatmaq üçün xeyli sayda əsas var. Diplomatların da sözlərindən o aydın olur ki, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində rolu və yeri əvəzolunmazdır. Bütün bunlar isə ölkə daxilində aparılan uğurlu daxili siyasət hesabına baş verir. Çünki hər bir ölkənin daxili siyasəti, onun beynəlxalq aləmdəki güzgüsüdür.

 

Yazıma ümummilli lider Heydər Əliyevin sözləri ilə başladım və ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın beynəlxalq arenada rolu ilə bağlı çıxışı ilə yekunlaşdırıram.

 

Sitat: “Biz regional əməkdaşlığın gücləndirilməsi üçün böyük işlər görürük. Bildiyiniz kimi, Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı olub və bu, geniş regional əməkdaşlığa öz töhfəsini verib. Beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycanın dinamik inkişafının əsasında səmərəli iqtisadi-siyasi kurs dayanır. Cənubi Qafqaz geosiyasi məkanının lider aktoru olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılıması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi bu kontekstdə xüsusi olaraq qeyd edilməlidir.  Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki öncül və vacib yerdə dayandığına işarədir”.

 

“Yazı Azərbaycan Mətbuat Şurasının «Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusundakı müsabiqəsinə təqdim edilir”.

sss