Prezident Administrasiyasının şöbə müdirinin müavini gənclər təşkilatlarına xəbərdarlıq edib

Çatışmazlıqlara yol verən gənclər təşkilatlarının Gənclər Fondunda qeydiyyatı ləğv olunacaq

Bakı, Tural Səftərov, İnteraz - 01 Mart 2014, 14:21

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənclər təşkilatları tərəfindən həyata keçirilən layihələrdə yol verilən əsas problem və çatışmazlıqlar açıqlanıb.

 

İnterAz-ın APA-ya istinadən məlumatına görə, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, bir sıra layihələr çərçivəsində keçirilən tədbirlərdə iştirakçı siyahısında 200-300 nəfər göstərilir, ancaq tədbirə 30-40 nəfər qatılır.

 

İkinci problem tədbirlərdə Gənclər Fondu və gənclər təşkilatının loqosunun əks olunduğu bannerdən istifadə edilməməsi ilə bağlıdır. Hətta bir sıra tədbirlərin fotoşəkilləri də yoxdur. F. Hacıyevin sözlərinə görə, bu kimi hallar ümumiyyətlə tədbirlərin keçirilib-keçirilməməsi barədə şübhə yaradır. İcraçı direktor bəzən gənclər təşkilatlarının keçirdikləri tədbirlər barədə mediada heç bir məlumatın yer almamasının ən ciddi problemlər sırasında olduğunu vurğulayıb. O bu sırada “Gənclik Təşəbbsüləri”, “Valideyn Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Dəstək”, “Gənclərin Sosial İnkişafına Yardım”, “Gəncliyin Səsi” ictimai birliklərinin adını çəkib.

 

F. Hacıyev bəzi layihələrdə büdcə və icra planlarında video çəkilişlərin nəzərdə tutulmasına baxmayaraq, çəkilişlərin aparılmadığını açıqlayıb: “Video hesabatların olub-olmaması növbəti qrant müsabiqəsində layihələrə dəstək verilməsində ciddi rol oynayacaq”.

 

F. Hacıyev gənclər təşkilatlarını hesabatlar üçün lazımi sənədlərin alınması üçün lisenziyası olan otellərlə çalışmasını tövsiyə edib. O, Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin düzgün edilməməsini, çap məhsullarının paylanması haqqında sənədlərin təqdim olunmadığını da diqqətə çatdırıb.

 

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclər Fondu Müşahidə Şurasının sədri Tahir Süleymanov isə qaydalara uyğun olaraq gənclər təşkilatlarının keçiriləcək tədbirə 10 gün əvvəldən Gənclər Fondunun əməkdaşlarını dəvət etməli olduğunu nəzərə çatdırıb: “Ancaq bir sıra gənclər təşkilatlarının fəaliyyətinə nəzər yetirəndə aydın olur ki, onlar ümumiyyətlə, layihə ilə bağlı bağlanan müqaviləni oxumayıblar. Bundan sonra Gənclər Fondu layihələrin icrasına diqqəti artıracaq, bir layihə belə monitorinqdən kənarda qalmayacaq”.

 

T. Süleymanov media hesabatları sahəsindəki çatışmazlıqlara da toxunub: “Bəzən layihənin başlaması barədə məlumat verilir, ancaq icrası ilə bağlı hər hansı məlumat yoxdur. Yaxud layihə 1 gün əvvəl başa çatır, 10 gün sonra gənclər təşkilatı mətbuata məlumat verir ki, layihə çərçivəsində regionlarda tədbirlər keçirilib. Ancaq tədbirlər nə vaxt keçirilib, məlum deyil. Yaxud layihə çərçivəsində tədbir qışda keçirilməlidir, fotoşəkil təqdim olunur, baxırsan ki, tədbir iştirakçıları yay paltarındadırlar. Deməli, saxta fotolar və maliyyə hesabatları təqdim olunur”.

 

T. Süleymanov bir sıra hallarda bəzi gənclər təşkilatlarının icra planında tədbirlərin keçiriləcəyi yerləri özbaşına dəyişdirdiklərini açıqlayıb: “Belə özbaşınalıq olmaz. Tədbirlərin yerləri dəyişdirilirsə, Gənclər Fondu ilə razılaşdırılmalıdır. Bəzi gənclər təşkilatları da var ki, sonuncu maliyyə müsabiqəsində layihəsi dəstəklənib, amma hələ də müqavilə bağlanmayıb. Maraqlananda məlum olur ki, öncəki qrant müsabiqəsindən keçən layihənin hesabatı verilməyib, ona görə də son layihə ilə bağlı müqavilə bağlamaq mümkün deyil. Belə çatışmazlıqlara yol verən gənclər təşkilatlarının Gənclər Fondunda qeydiyyatı ləğv olunacaq. İnanıram ki, gənclər təşkilatları bu iradlardan nəticə çıxaracaqlar”. 

sss