Zahid Oruc: “Radikallar yaratdıqları birlikləri Volodarski fabrikinin kostyumundan da tez dəyişirlər”

Müxalifətin radikal qanadı hazırda çox durğun bir dövr yaşayır

Bakı, Tural Səftərov, İnteraz - 07 Mart 2014, 14:26

Müxalifətin radikal qanadı hazırda çox durğun bir dövr yaşayır.

 

İnterAz Gün.Az-a istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Zahid Oruc müxalifətin yaratdığı Düşüncə Mərkəzi ilə bağlı fikirlərini bildirərkən dilə gətirib.

 

“Obrazlı şəkildə deyilir ki, Brejnev qatarın getməməsi barədə belə danışır – “bizim gərəkən vaqonlarımız yoxdur, yolları çəkməmişik, heç relslər də yerində deyil, siz pərdələri tərpədin ki, qatarın getdiyi mənzərəsi yaransın”. İndi belə vəziyyət bizim müxalif cinahda yaşanır. Adamdan soruşarlar ki, İctimai Palata adı nə qədər devalvasiyaya uğradı ki, siz bundan da imtina etdiniz?”, -deyə, sual edən millət vəkilinin sözlərinə görə, radikallar  yaratdıqları birlikləri Volodarski fabrikinin kostyumundan da tez dəyişirlər.

 

“Çox sürətli şəkildə zahiri libaslarını yeniləyirlər. Onlar haqda epitetlərlə danışmazdım, əgər ortaya ciddi fəaliyyət qoymuş olsaydılar. Sual versək ki, son yaratdıqları Düşüncə Mərkəzi İctimai Palata, yaxud, Milli Şuradan nə ilə fərqlənir, onlar buna cavab verə bilməyəcəklər”, - deyə, millət vəkili mətbuata açıqlamasında bildirib.

 

Millət vəkili həmçinin qeyd edib ki, hər hansı birliyin yaranması üçün mütləq şəkildə siyasi ideya olmalıdır.

 

“Tutarlı arqumentlər olur, komanda qurulur, cəmiyyətin müxtəlif dairələri quruma cəlb edilir. Daha sonra isə hakimiyyətin kursuna alternativ proqramlar təqdim olunur və dövləti idarə etmək uğrunda mübarizə aparılır. Tutaq ki, iqtidar bunlara müəyyən təzyiqlər göstərir, imkanlarını müəyyən qədər məhdudlaşdırır. Bəs onların özünün klub kimi normal, stabil bir əsasda birləşmələrinə kim mane olur?

 

Milli Şuranın xarici ssenari əsasında ortaya gətirildiyi hamıya məlum oldu. Sonda da bu qurumu özləri dağıtdılar. İndi yenisini qurmaqla nəyəsə ümid edirlər? Heç olmasa, yaratdıqlarına cazibədar siyasi ad seçərdilər. Düşüncə Mərkəzi nədir?

 

Deməli, Milli Şura və digərləri qeyri-düşüncə mərkəzi imiş. Onu da deyim ki, digər bir ad seçmiş olsaydılar belə, yenə də ciddi, siyasi dəyişiklik müşahidə edəcəyimizə inanmazdım. Bu qurumun Azərbaycan cəmiyyətinə, onun siyasi sisteminə heç bir təsiri olası deyil”, - deyə, Z.Oruc mətbuata açıqlamasında daha sonra sözlərinə əlavə edib.