Türkiyənin “Hürriyet” qəzetində ermənilərin Qarabağda törətdikləri vəhşiliklərdən bəhs edən məqalə dərc olunub

M. Elveren 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin Xocalıda törətdikləri soyqırımı aktı barədə məlumat verib

Bakı, Tural Səftərov, İnteraz - 07 Mart 2014, 16:21

Türkiyənin nüfuzlu “Hürriyet” qəzetində ermənilərin Qarabağda törətdikləri vəhşiliklərdən bəhs edən məqalə dərc olunub.

 

İnterAz xəbər verir ki, müəllif Muammer Elveren “Qətliamın ayaq səsləri” sərlövhəli məqaləsində 1991-ci il sentyabrın 25-də Dağlıq Qarabağa səfər etdiyini nəzərə çatdırıb, erməni terrorçularının sovet silahlı birləşmələrinin dəstəyi ilə azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən söz açıb. Müxbir həmin vaxt erməni millətçilərinin sovet əsgərlərinin yardımı ilə Qarabağın dinc əhalisinə mütəmadi hücumlar etdiklərini, kəndləri yandırdıqlarını, qocaları, uşaqları amansızcasına qətlə yetirdiklərini vurğulayıb. Məqalədə 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində içərisində Azərbaycanın dövlət və hökumət nümayəndələrinin də olduğu “Mi-8” vertolyotunun vurulmasından da bəhs edilib.

 

M. Elveren 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin Xocalıda törətdikləri soyqırımı aktı barədə məlumat verərək bu hadisəni insanlığa sığmayan, bəşər tarixində analoqu olmayan bir faciə kimi xarakterizə edib.