Azərbaycan dövləti dini cərayanlarla mübarizədə xalqın gücünə arxalanır - XİN rəsmisi

XİN nümayəndəsi Azərbaycanda radikal cərəyanların fəaliyyətinin qarşısının vaxtında alınmasının vacibliyini vurğulayıb

Bakı, Tural Səftərov, İnteraz - 07 Mart 2014, 16:50

“Azərbaycan dini tolerantlığı və çoxmədəniyyətliliyi ilə beynəlxalq ictimaiyyət üçün nümunədir. Biz bununla həmişə fəxr edirik”.

 

İnterAz xəbər verir ki, bunu SalamNews-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

 

O deyib ki, Azərbaycan cəmiyyəti çox zəngin mədəniyyətə və tarixə malik olduğu üçün bir çox dövlət tərəfindən modern ölkə kimi qəbul olunur: “Hətta dünya ölkələri bu mədəniyyəti və xalqımızın tolerantlığını nümunə kimi seçiblər. Azərbaycan beynəlxalq siyasi cəmiyyətə yeni daxil olmasına və 23 ildən çox müstəqillik tarixinə malik olmasına baxmayaraq, mühüm siyasi məsələlərdə böyük rol oynayıb.”

 

XİN nümayəndəsi Azərbaycanda radikal cərəyanların fəaliyyətinin qarşısının vaxtında alınmasının vacibliyini vurğulayıb: "Dövlətimiz kifayət qədər gücləndiyi üçün radikal addımların qarşısını vaxtına almaq mümkündür. Dini radikalizmlə mübarizə aparan dövlətimizin siyasəti aparıcı dövlətlər tərəfindən təqdir olunur. Dövlət cəmiyyətdə narahatlığa səbəb olan dini cərayanlarla mübarizədə xalqın gücünə arxalanır".