MSK sədri: "İnanıram ki, seçkinin ilkin nəticələrini saat 23:00-dək açıqlaya biləcəyik"

“Biz bəzi şəxslərə və qurumlara göstərməliyik ki, Azərbaycanda seçkilər hansı demokratik dəyərlərlə keçirilir”

Bakı, Vüsal Nəbiyev, İnteraz - 09 Oktyabr 2013, 14:56

“Azərbaycan vətəndaşları ölkənin növbəti 5 ildəki taleyinə biganə qalmadan seçki məntəqələrinə gələcək və səsvermədə fəal iştirak edəcəklər”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin başlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, beynəlxalq təşkilatlardan 1400 təmsilçi ilə yanaşı, 52 min yerli müşahidəçi seçkiləri izləyəcək. Bütün proses Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilir. M. Pənahov əlavə edib ki, siyasi plüralizm prinsipləri həyat tərzinə çevrilib: “Bu seçkidə seçici fəallığının daha yüksək olacağını da gözləyirik”.

MSK sədri yerli KİV-dən xahiş edib ki, beynəlxalq müşahidəçilərin seçki ilə bağlı fikrilərini cəmiyyətə çatdırsın: “Biz bəzi şəxslərə və qurumlara göstərməliyik ki, Azərbaycanda seçkilər hansı demokratik dəyərlərlə keçirilir”.

M.Pənahov bir daha xatırladıb ki, seçici siyahısında adı olmayanlar da səsvermədən kənarda qalmayacaqlar: “Bütün seçki məntəqələrində əlavə seçici siyahıları var. Seçicilər vəsiqələrini təqdim etdikdən sonra adları əlavə siyahıya salınacaq, daha sonra onlara bülleten veriləcək və səsvermədə iştirak edəcəklər”.

Komitə sədri seçkinin ilkin nəticələrinin saat 23:00-dək açıqlana biləcəyinə inandığını da qeyd edib: “Əgər seçki məntəqələrinin yarıdan çoxunda nəticələr bəlli olacaqsa, bunu edə biləcəyik”. Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində seçici fəallığı ilə bağlı ilkin nəticələri açıqlayıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 10:00-a olan məlumata görə, seçicilərin 937 min 465 nəfəri səsvermədə iştirak edib. Bu, ölkə üzrə ümumi seçicilərin 18,2 faizi deməkdir. Ən yüksək aktivlik dərəcəsi 24,72 faizlə 116 saylı Qəbələ, ən aşağı isə 9,29 faizlə 33 saylı Xətai I Seçki Dairəsində qeydə alınıb.

R. Gülməmmədov bildirib ki, MSK-nın 115 nömrəli “Qaynar xətt”inə səsvermənin gedişi zamanı baş verə biləcək qanun pozuntuları, qeyri-qanuni hərəkətlər, seçici siyahılarında olan problemlərlə “Qaynar xətt”ə zəng vuraraq, məlumat vermək mümkündür.

Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.