Azərbaycan öz prezidentini seçir

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə başlayıb

Bakı, Vüsal Nəbiyev, İnteraz - 09 Oktyabr 2013, 15:26

Seçkilərdə 10 namizəd iştirak edir. Bunlar hazırkı dövlət başçısı, YAP sədri İlham Əliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədov və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucdur. Ölkə üzrə 5 milyon 145 min 643 nəfər səsvermə hüququna malikdir. Seçicilər 125 Seçki Dairəsi üzrə 5491 seçki məntəqəsində səs verəcəklər. Seçki məntəqələrinin 5273-nün fəaliyyəti daimi, 219-nun fəaliyyəti isə müvəqqəti xarakter daşıyır.

Bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da səs vermə prosesinə start verilib.

Səsvermə saat 20:00-da başa çatacaq. Bundan sonra səslərin sayılmasına başlanacaq. Mərkəzi Seçki Komissiyası səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə ilkin məlumatlar yayacaq.

Azərbaycandan kənarda yaşayan seçicilər üçün xarici ölkələrdə olan diplomatik nümayəndəliklərdə 38 seçki məntəqəsi yaradılıb. Xaricdə 12 mindən artıq seçici səs verə biləcək.

Məkkədə Həcc ziyarətində olan Azərbaycan vətəndaşları üçün də səsvermədə iştirak üçün şərait yaradılıb. Səsvermə prosesinin həyata keçirilməsi üçün Məkkə şəhərində 1 seçki məntəqəsi yaradılıb. Bu məntəqədə 3700-ə yaxın Azərbaycan vətəndaşının səsvermədə iştirakı təmin ediləcək.

Seçkilər ümumilikdə 52000-dək yerli müşahidəçi tərəfindən izləniləcək. Seçkidə 100-ə yaxın ölkədən müşahidəçi iştirak edəcək. ATƏT, ATƏT PA, AŞPA, Avropa Parlamenti, MDB PA, eləcə də ayrı-ayrı ölkələrdən müşahidə missiyaları seçki prosesini izləyəcək.

Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izləniləcək. 

Seçkilərdə “exit-poll” təşkil olunub. Yerli təşkilatlarla yanaşı, beynəlxalq təşkilatlar da “exit-poll” keçirəcək. “Exit-poll” keçirəcək təşkilatlardan biri ABŞ-ın nüfuzlu AJF şirkətidir. Bu şirkət “exit-poll”u “APA Holding” MMC-nin dəvəti əsasında keçirəcək.