MSK sədri: "Bəzi seçki məntəqələrində ciddi qanun pozuntuları olub"

"Bu cür hallar narahatlıq doğurur və təxribata yol açır"

Bakı, , İnteraz - 09 Oktyabr 2013, 15:27

“Bəzi seçki məntəqələrində Seçki Məcəlləsinin müddəalarının ciddi pozulması halları baş verib.” İnteazTv-nin məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

 

O, bu cür halların narahatlıq doğurduğunu və təxribata yol açdığını vurğulayıb: "120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsində naməlum şəxs bayırda dayanaraq seçicilərin məntəqəyə daxil olmalarına mane olub. Baş verən bu hal aktlaşdırılıb. Həmin şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bu şəxs “Azadlıq” qəzetinin əməkdaşı Xaqani Əliyevdir. Ağdaşda isə bir nəfər özünü KİV nümayəndəsi kimi təqdim edib. Lakin sonra həmin şəxsin sənədinin saxta olduğu ortaya çıxıb."

 

MSK sədri, həmçinin seçki bülleteninin qaçırılması halı ilə bağlı məlumatlı olduğunu qeyd edib: “Cəlilabad rayonunda bir nəfər 10 ədəd bülleteni götürüb qaçıb. Bu fakt da aktlaşdırılıb və həmin şəxs axtarışa verilib. Zərdabdakı seçki məntəqələrindən birində qanunsuz çəkiliş aparan bir şəxs narahatlıq yaradıb. Xətai rayonunda isə bülleteni götürən bir qadın onu qaytarmaq istəməyib. Bütün bunlar seçki prosesinə müdaxilədir və məqsəd prosesi pozmaqdır."