Hafiz Hacıyev: "Çox sevinirəm ki, Azərbaycan xalqı bu gün düşmənləri sevindirmədi"

"Səs verməyə gələrkən şəxsiyyət vəsiqəmi şəxsi avtomobilimdə unutmuşdum"

Bakı, İnteraz - 09 Oktyabr 2013, 15:37

 "Seçkilər çox yüksək səviyyədə həyata keçirilir. Hər şey tam demokratik standartlara uyğundur". Bunu İnterAz-a Azərbaycanda prezidentliyə namizəd, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib. 8 saylı Binəqədi I seçki dairəsi 31 saylı məntəqəsində səs verdiyini bildirən partiya sədrinin sözlərinə görə, o, bu il üçüncü dəfədir ki, prezidentliyə namizəd kimi səs vermədə iştirak edir: "Lakin, bu günki kimi tam demokratik və səmimi seçki keçirildiyini görməmişdim. Yəni, bütün bunlar məni sevindirir. Çünki, düşünürəm ki, Azərbaycan xalqı seçki ənənələrinə də artıq yiyələnib. Azərbaycanın gələcəyi bu günki seçicilərin seçimindən asılıdır. Mən çox sevinirəm ki, Azərbaycan xalqı bu gün düşmənləri sevindirmədi və sevindirməyəcək. Bu mənim üçün ən önəmli məsələdir. Bu gün mən seçiləcəm, yaxud mənim qardaşım İlham Əliyev seçiləcək bunun heç bir fərqi yoxdur. Hər halda bir nəfər seçilməlidir". 

 

H.Hacıyev qeyd edib ki, onun 1700 nəfər müşahidəçisi həm Bakı, həm də bölgələrdən seçki ilə bağlı ona şad xəbərlər verirlər: "Bildirirlər ki, hər şey qaydasındadır, heç bir qanunsuzluq qeydə alınmayıb. Təbii ki, mən də buna çox sevinirəm.”

 

Səsverməyə gələndə şəxsiyyət vəsiqəsini unudan Hafiz Hacıyev media nümayəndələrindən narazılığını da  bildirdi: “Səs verməyə gələrkən şəxsiyyət vəsiqəmi şəxsi avtomobilimdə unutmuşdum. Bunu bilib köməkçimi göndərdim gedib vəsiqəni gətirdi. Hörmətli media nümayəndələri ilə bir-iki dəqiqə oturub söhbətləşdik zarafatlaşdıq o vaxta qədər köməkçim gəldi və səsimi də verdim. Bəzi media nümayəndələrinin sözlərindən belə çıxır ki, Hafiz Hacıyev bunu bilərəkdən edib. Guya mən nəsə kəşf etmişəm. Amma bildirmək istəyirəm ki, bu heç də belə deyil. Mən əsla bunu bilərəkdən etməmişəm. Ümumiyyətlə, belə hadisələr xırda məsələlərdir. Əsas odur ki, mən səsimi gələcəyimizə verməyi bacardım.”