Türkiyədə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Tədbir Sultan Mehmet Fatih Universiteti və "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən təşkil olunub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Fevral 2019, 17:48

Dünya ictimaiyyəti Xocalı faciəsi məsələsində ikili standartlar tətbiq edir. Müəyyən qüvvələr, sübutların və şahidlərin olmasına baxmayaraq, faciəni unutdurmağa çalışır.

 

İnterAz "Anadolu"ya istinadən xəbər verir ki, bunu Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş  tədbirdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım açıqlayıb.

 

Tədbir Sultan Mehmet Fatih Universiteti və "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən təşkil olunub.

 

Tədbirdə çıxış edən Ayrım, yeddi deputatla yanaşı, Azərbaycanı və şəhidlərin şərəfinə ucaldılmış abidələri ziyarət etdiyini bildirib.

 

"Dünya ictimaiyyəti Xocalı faciəsi məsələsində ikili standartlar tətbiq edir və XXI əsrdə canlı şahidlərin varlığına baxmayaraq bu hadisəni unutdurmağa çalışırlar. Biz isə əksinə unutmayacağıq və unutmağa imkan verməyəcəyik. Gənclərimiz sayəsində bunu edəcəyik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmişə milli dəyərləri qorumağa çağırır. Özümüzdən başqa heç bir dostumuz yoxdur. Türkiyə və Azərbaycanın ümumi kökləri var. Tariximizi, keçmişimizi bilməliyik, amma intiqam hissi ilə yaşamamalıyıq", deyə o bildirib.

 

Ayrim, həmçinin Türkiyə və Azərbaycan hökumətlərinin siyasətinin dünyanın hər yerində təbliğinin vacibliyini vurğulayıb.