CICA sammiti separatizmi və dövlətlərin işlərinə müdaxiləni pisləyib

Azərbaycanı sammitdə Baş nazir Novruz Məmmədov təmsil edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Iyun 2019, 16:46

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) qatılan ölkələrin liderləri Düşənbədə keçirilən sammitdən sonra bəyanat qəbul ediblər.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, sənəddə tərəflərin iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərinin həllində əməkdaşlığın qurulması ilə bağlı bəyanat yer alıb.

 

Sənədə əsasən, CICA ölkələri dövlətlərin daxili və xarici işlərinə müdaxilə etməmək prinsipini dəstəkləyir, habelə terrorizm, ekstremizm, separatizm və dini dözümsüzlük ideologiyasının təbliğatının bütün formalarını pisləyirlər.

 

"Münaqişələrin sülhə, təhlükəsizliyə və inkişafa təhdid olmağa davam etməsindən dərin narahatlığımızı bildiririk. Münaqişələrin BMT Nizamnaməsinə və beynəlxalq hüquq norma və prinsiplərinə, eləcə də müvafiq qərarlar və sənədlərə əsasən qısa zamanda həllinin zəruriliyi barədə CICA-nın əvvəlki yekun sənədlərində göstərilən mövqeyimizi bir daha təsdiqləyirik", - bəyanatda deyilir.

 

Bəyanatda vurğulanıb ki, CICA-nın növbəti sammiti 2022-ci ildə, üzv ölkələrin nazirlərinin altıncı iclası isə 2020-ci ildə keçiriləcək.

 

Xatırladaq ki, sammitin işində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin rəhbəri Si Tszinpin, İran prezidenti Həsən Ruhani, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Əfqanıstan prezidenti Abdullo Abdullo, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov və başqaları iştirak ediblər.

 

Azərbaycanı sammitdə Baş nazir Novruz Məmmədov təmsil edib.