XİN: Qarabağa səfər etmiş üç Ukrayna vətəndaşının adı “arzuolunmaz şəxslər” siyahısına salınmayacaq

Azərbaycan ərazilərinə bilməyərəkdən səfər etdiklərini qeyd ediblər...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 09 Avqust 2019, 16:55

Ukrayna vətəndaşları, Ukrayna Milli Rəqs Liqası Federasiyasının (FNDL) idarə heyətinin üzvü Qennadiy Xavkin, habelə Federasiyanın daha iki üzvü İqor Yaremenko və Timofey Çernenko Xarici İşlər Nazirliyinə rəsmi məktubla müraciət edərək, adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasını xahiş ediblər.

 

Bu barədə İnterAz-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, məktubda FNLD-in prezidenti Marina Kurbanaliyeva və Federasiyanın yuxarıda adları qeyd olunan üzvləri səfərlə əlaqədar təəssüf hissi keçirdiklərini ifadə edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiklərini, habelə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilməyərəkdən səfər etdiklərini qeyd ediblər.