Suriyanın şimalında qruplaşmaların hücumu nəticəsində ordunun 10 əsgəri həlak olub

Radikal qruplaşmaların bu hücumu ümumilikdə Suriya Ordusunun 10 əsgərinin ölməsinə və 21-nin yaralanmasına səbəb olub...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 10 Avqust 2019, 16:28

Radikal qruplaşmaların Həma əyalətinin şimalında hücumu nəticəsində Suriya ordusunun 10 əsgəri həlak olub və daha 21-i yaralanıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Rusiyanın Suriyadakı Sülh Mərkəzi bildirib.

 

Mərkəzin məlumatına görə bu gün radikal terror qruplaşmaları Həma əyalətinin şimalında Əbu-Dali qəsəbəsi ətrafını raketlərlə hədəfə alıblar. Daha sonra isə qruplaşmalar adıçəkilən məntəqəyə hücum ediblər.

 

Radikal qruplaşmaların bu hücumu ümumilikdə Suriya Ordusunun 10 əsgərinin ölməsinə və 21-nin yaralanmasına səbəb olub.

 

Eyni zamanda SANA agentliyi bildirib ki, qruplaşmalar, Raşidin qəsəbəsi ərazisindən Hələb şəhərinin qərb rayonlarını raketlərdən və minaatanlardan hədəfə alıblar. Bu hücumda 6 nəfərin yaralandığı deyilib.

 

Qeyd edək ki, Suriya Ordusu hazırda Həma əyalətinin şimalı və İdlib əyalətinin cənubunda "ən-Nusra Cəbhəsi" terror qruplaşması və onunla müttəfiq qruplaşmalara qarşı hərbi əməliyyatları davam etdirir.