Baş nazirin müavini Rusiya səfirini qəbul edib

Görüşdə eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hazırkı durum, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 09 Sentyabr 2019, 17:11

Bu gün Baş nazirin müavini Əli Həsənov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib. 

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, səfir 2020-ci ildə Rusiyada keçiriləcək ekoloji  məsələləri özündə əks etdirən növbəti maarifləndirmə və humanitar layihədə  Azərbaycan tərəfinin də iştirakının məqsədəuyğun olacağını bildirib. 

 

Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sosial-iqtisadi vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində atdıqları qətiyyətlı addımlar barədə qonağa geniş məlumat verib, həmçinin Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkə olduğunu səfirin diqqətinə çatdırıb. 

 

Görüşdə eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hazırkı durum, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.