Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib

Təqdim olunan layihə belə qurumların hərbi qulluqçularının dövlət icbari tibbi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 13:15

Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib.

 

İnterAz xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

 

Qanunun 21-ci (Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri) maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci (Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir) maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddət də daxil edilir: Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti. Dəyişikliklə isə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də əlavə edilir. Bildirilib ki, layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci ilin 12 oktyabr tarixli 1280-VQD nömrəli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb. Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında da xidmət keçməsi müəyyən olundu. Belə ki, bəzi qurumnlar var ki, onları silahlı birləşmələrə aid etmək mümkün deyil, lakin həmin qurumlarda hərbi xidmət nəzərdə tutulub (Məsələn, Fövqəladı Hallar Nazirliyinin bəzi hərbi qulluqçuları, Hərbi Prokurorluğun hərbi qulluqçuları və s.).

 

Təqdim olunan layihə belə qurumların hərbi qulluqçularının dövlət icbari tibbi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.