Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər

Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında kollektiv vasitəçi kimi, ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndiririk...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 08 Noyabr 2019, 12:21

“Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında kollektiv vasitəçi kimi, ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndiririk”.

 

İnterAz-ın APA-ya istinadən xəbərinə görə, bunu Rusiya Federasiyasının ATƏT-dəki daimi nümayəndəsi, səfir Aleksey Lukaşeviç ATƏT Daimi Şurasının noyabrın 7-də keçirilən iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı çıxışında deyib.

 

O bildirib ki, vasitəçilərin aktiv fəaliyyəti münaqişənin tənzimləməsi üzrə təmas nöqtələrinin axtarışı və əhalinin sülhə hazırlanmasına yönəlmiş tədbirlərdə inamın artırılmasına, intensiv dialoqun ümumi məqsədinə dəstək olur.

 

Azərbaycan-Ermənistan dövlət sərhədində və təmas xəttində stabilliyin saxlanıldığını vurğulayan A. Lukaşeviç deyib ki, bu, tərəflərin danışıqlar masası arxasında kompromis axtarışında maraqlı olmasına işarədir.

 

O, atəşkəs rejiminin qorunub saxlanılması və gücləndirilməsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasının səmərəliliyinə töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi jurnalistlərin qarşılıqlı səfərlərinin və saxlanılan şəxslərin dəyişdirilməsinin tərəflər arasında etimad atmosferinin yaradılmasına gətirib çıxara biləcəyini də söyləyib.

 

A. Lukaşeviç münaqişə tərəflərini bütün səviyyələrdə birtərəfli addımlardan çəkinməyə çağırıb. Onun sözlərinə görə, bu, münaqişənin həllinə imkan yaratmır.

 

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın xarici siyasətinin vacib prioritetlərindən biridir.