Nazir Əbülfəs Qarayev ABŞ-ın Bruklin rayonunun hökumət rəhbəri Erik Adamsla görüşüb

Görüşdə nazir Ə.Qarayev Bruklində və Bakıda fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib

Bakı, Şirməmməd Nəzərli, İlkin Məmmədov, İnteraz - 29 Yanvar 2015, 10:13

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-York şəhərinin böyük inzibati bölgüsü olan Bruklin rayonunun hökumət rəhbəri Erik Adamsla görüşüb.

 

İnterAz-ın "AzərTAc"a istinadla verdiyi xəbərə görə, Erik Adams deyib ki, bir müddət əvvəl onun müraciəti əsasında Nyu-Yorkun Bruklin və Bakının Səbail rayonları arasında qardaşlaşma münasibətləri yaradılıb və bu münasibətlər onları Azərbaycana daha da yaxınlaşdırıb. 2012-ci ildə Azərbaycana səfər etdiyini xatırladan E.Adams Bakının onun yaddaşında zəngin təəssüratlarla qaldığını bildirib. O, Bruklində çoxlu sayda azərbaycanlının yaşadığını və onların mədəni zənginlikləri ilə rayonun həyatında özünəməxsus rol oynadıqlarını vurğulayıb. E.Adams qeyd edib ki, Azərbaycanla Bruklin arasında münasibətlər üç əsas istiqamət - təhsil, ticarət və mədəni mübadilə üzrə inkişaf etməlidir.

 

Nazir Ə.Qarayev Bruklində və Bakıda fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. O deyib ki, keçən ilin noyabr ayından başlayaraq “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən Bakı – Nyu-York birbaşa uçuşları Bruklinlə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində mübadilənin genişlənməsinə şərait yaradacaq.

 

Nazir Azərbaycanın turizm potensialından da danışıb və Nyu-Yorkda ölkəmizin təbliğ edilməsinin önəmini vurğulayıb. Ə.Qarayev E.Adamsı cari ilin mayında Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.