Seyid Camal Əzimbəyli Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

Qarabağ Seyid Ocaqlarının rəhbəri Diyanət İşləri başqanına yüksək qonaqpərvərliyinə görə təşəkkür edib

Bakı, Orxan Kərimov, İlkin Məmmədov, İnteraz - 29 Yanvar 2015, 10:30

Ankarada Türkiyənin Diyanət İşləri başqanı Prof.Dr. Mehmət Görməz Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylini qəbul edib.

 

Bu barədə SalamNews-a və İnterAz-a Seyid Camal Əzimbəyli məlumat verib.

 

O, bildirib ki, görüşdə Türkiyə və Azərbaycan qardaşlığının köklərindən söz açılıb, mənəvi dəyərlərin bu iki ölkənin münasibətlərindəki xüsusi rolu vurğulanıb.

 

Prof. Dr. Mehmət Görməz əhli-beyt irsinin hər iki ölkənin inanclı vətəndaşları üçün ortaq ali dəyər olduğunu bildirib. O, həmçinin, Xocalı faciəsinin ildönümü ərəfəsində Qarabağ torpaqlarının işğalda olmasının türkiyəli müsəlmanları narahat etdiyini qeyd edib: “Qarabağsızlıq bizim də ağrımızdır. Dua edirik ki, azərbaycanlı qardaş və bacılarımız tezliklə öz doğma yurdlarına yenidən qovuşsunlar.”

 

Görüşdə Diyanət İşləri başqanı Prof.Dr. Mehmət Görməz Seyid Camala bu il də Xocalı faciəsinin il dönümündə bütün Türkiyə məscidlərində Xocalı şəhidlərinin anılacağını və mövzu ilə əlaqədar xütbələr oxunacağını söyləyib.

 

Qarabağ Seyid Ocaqlarının rəhbəri Diyanət İşləri başqanına yüksək qonaqpərvərliyinə görə təşəkkür edib, Türkiyə və Azərbaycan qardaşlığı üçün atdığı addımlara görə minnətdarlığını bildirib.

 

Görüşdə Seyid Camal Azərbaycanda dini və milli tolerantlığın hökm sürməsində Azərbaycan dövlətinin misilsiz xidmətləri olduğunu da Diyanət başqanının nəzərinə çatdırıb.

 

Sonda Diyanət İşləri başqanı S.Camala müqəddəs Qurani-Kərim hədiyyə edib.