Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb

Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 447 İran investisiyalı şirkət fəaliyyət göstərir

Bakı, İlkin Məmmədov, İnteraz - 29 Yanvar 2015, 11:31

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın İqtisadi Məsələlər və Maliyyə naziri Əli Tayebniailə görüşüb.

 

Nazirlikdən İnterAz-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin xüsusi əhəmiyyətini vurğulayıb.

 

Qeyd olunub ki, indiyədək iki ölkə arasında 108 sənəd, o cümlədən iqtisadi sahədə 30-dan çox sənəd imzalanıb. Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyanın fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir.

 

Hazırda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 447 İran investisiyalı şirkət fəaliyyət göstərir.

 

Nazir Əli Tayebnia ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. O, qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-İran iqtisadi əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşmüş və əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

 

Görüş çərçivəsində “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İranın İnvestisiya, İqtisadiyyat və Texniki Yardım Təşkilatı (OİETAİ) arasında investisiya sahəsində əməkdaşlığa dair İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb.

 

İşçi qrupu Azərbaycan və İranın biznes dairələri arasında investisiya əlaqələrinin genişləndirilməsinə dəstək göstərəcək.