Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

...İlham Əliyev Ərdoğanın göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 31 Iyul 2020, 10:36

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

 

İnterAz xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

 

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib.

 

Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər.