İtaliya jurnalında paytaxt Bakıdan bəhs edən məqalə dərc olunub

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib

Bakı, Tural Səftərov, İnteraz - 16 Dekabr 2013, 12:12

İtaliyanın nüfuzlu  “Longitude”  jurnalında Azərbaycanın sürətli inkişafından və paytaxt Bakıdan bəhs edən məqalə dərc olunub.  

 

İnterAz xəbər verir ki, məqalədə  Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib.

 

Həmçinin  bildirilib ki, beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycan son illər zəngin enerji ehtiyatlarına və geosiyasi əhəmiyyətinə görə Avropanın və ABŞ-ın ən mühüm strateji tərəfdaşlarından birinə çevrilib. Avropa ölkələrinin enerji ilə təmin olunması üçün yeni marşrutlara və tərəfdaşlara ehtiyac var. Bu baxımdan Azərbaycan qazını Avropaya daşıyacaq “Trans-Adriatik” layihəsi böyük əhəmiyyət kəsb edir.

 

Azərbaycanın iqtisadi inkişafından bəhs edən müəllif vurğulayıb ki, ölkəmizdəki sürətli dəyişikliyin şahidi olmaq üçün paytaxt Bakının müasir mənzərəsini seyr etmək kifayətdir. Qədim abidələr və müasir incəsənətin rəmzi sayılan “Alov qüllələri” kompleksi və digər çoxmərtəbəli binalar Bakıya xüsusi gözəllik verir. Yazıda diqqətə çatdırılıb ki, Azərbaycanın bütün qonşu ölkələrlə yaxşı münasibətləri mövcuddur. Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Bu da Azərbaycanda tolerant bir mühitin hökm sürdüyünü bir daha təsdiqləyir. Müəllif, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Diqqətə çatdırıb ki, münaqişə nəticəsində ölkəmizin 20 faiz torpaqları işğal olunub və bir milyondan çox vətəndaşımız öz doğma yurd-yuvalarından didərgin düşüb.