Qəbələ radiolokasiya stansiyasının bağlanması ilə əlaqədar işlər başa çatdırılıb

Rusiya tərəfindən stansiyanın bağlanması ilə bağlı bütün tədbirlər sona çatdırılıb

Bakı, Tural Səftərov, İnteraz - 16 Dekabr 2013, 13:42

Azərbaycan ilə Rusiya arasında danışıqlarda “Qəbələ radiolokasiya stansiyası" məfhumu artıq işlənmir.

 

İnterAz xəbər verir ki, bunu Xarici İşlər Nazirinin müavini Xələf Xələfov bildirib. Onun sözlərinə görə, Qəbələ radiolokasiya stansiyasının bağlanması ilə əlaqədar işlər başa çatdırılıb.

 

X.Xələfov qeyd edib ki, stansiyanın bağlanmasına dair tədbirlərin həyata keçirilməsi üçün Nazirlər Kabinetinin sərəncamı ilə komissiya yaradılmışdı. Komissiyanın qarşısına qoyulan məsələlər tam başa çatdırılıb. Komissiyaya o özü rəhbərlik edib. Rusiya tərəfindən stansiyanın bağlanması ilə bağlı bütün tədbirlər sona çatdırılıb. Artıq stansiya fəaliyyət göstərmir. Rusiya tərəfinin Komissiyada çalışan kontingenti oradan çıxıb.

 

Nazir müavini onu da bildirib ki, Qəbələ radiolokasiya stansiyasının binasının gələcəkdə istifadə məsələsi Nazirlər Kabinetinin sərəncamı ilə müvafiq qurumlara həvalə edilib.